Günay Məmmədzadə: Şahmat tacı uğrunda iddiaçılar turnirində iştirak etməyi arzulayıram
Dünyanın gənc və perspektivli 20 şahmatçısının mübarizə apardığı “Julius Baer Challengers Chess Tour” turnirinin birinci mərhələsində istədiyim oyunu göstərə bilmədim. Sonrakı mərhələlərdə daha yaxşı çıxış etmək üçün öz üzərimdə çalışıram. Bu yarış gənc şahmatçıların inkişafı üçün nəzərdə tutulub. İştirakçılar oyunlardan əvvəl və sonra müəyyən dərslərdən faydalanırlar. Boris Gelfand, Hou İfan, Suriya Qanquli, Artur Koqan və digər tanınmış şahmatçılar iştirakçılara dərslər keçir, tövsiyələrini verirlər. Eyni zamanda, komandasında çıxış etdiyim Yudit Polqar da oyunlarımızı təhlil edir, məsləhət və tövsiyələrini verir. Yarış çərçivəsində dostluq oyunları və seminarlar da keçirilir.

Bunu müsahibəsində “Julius Baer Challengers Chess Tour” turnirinin birinci mərhələsində mübarizə aparan Azərbaycanın ən güclü qadın şahmatçısı, dünyanın qadın şahmatçılarının reytinqində 28-ci yerdə qərarlaşan Günay Məmmədzadə bildirib.

Dünyanın 12 ölkəsindən ən güclü gənc şahmatçıları bir araya gətirən belə bir layihədə iştirakdan məmnun olduğunu bildirən təmsilçimiz turnirin birinci mərhələsində keçirdiyi 19 turun hamısının bir-birindən maraqlı və gərgin keçdiyini söyləyib. O qeyd edib ki, qarşıda 3 mərhələ var və əsas məqsəd turnirin sentyabrda keçiriləcək finalına vəsiqə qazanmaqdır: “Dörd mərhələnin nəticəsinə görə, ən yaxşı 8 şahmatçı finala vəsiqə qazanacaq. Məqsədim finalda mübarizə aparmaqdır”.

Qadınlar arasında son Avropa çempionatında komandamızın heyətində G.Məmmədzadə də çıxış edib və son turda Ermənistan yığması ilə mübarizədə komanda yoldaşlarının heç-heçə etdiyi matçda onun qələbəsi həlledici rol oynayıb. Komandamız 27 ildən sonra özü üçün bürünc medalı təmin etdi.

Yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu olan, qadınlar arasında beynəlxalq qrossmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018) normasını yerinə yetirən təmsilçimiz şahmat tacı uğrunda iddiaçılar turnirində qadın şahmatçılarımızın iştirakı ilə bağlı fikirlərini də bildirib: “Qarşıda Qran-Pri və dünya kuboku turnirləri var. Hər iki yarışda iştirakım planlaşdırılıb və bu yarışlar mənim üçün böyük önəm daşıyır. Sözsüz, mən də şahmat tacı uğrunda iddiaçılar turnirində iştirak etməyi arzulayıram. Amma bunun üçün həmin yarışlarda yüksək səviyyədə çıxış etmək lazımdır”.

G.Məmmədzadə digər idman növlərindən fərqli olaraq şahmat üzrə yarışların bəzilərinin keçirildiyini, şahmatçıların həmin yarışlarda mübarizə apardıqlarını bildirib. O, onlayn formatda keçirilən yarışların müsbət tərəfinin idmançıların yarış təcrübələrini zənginləşdirmək olduğunu bildirib.

AZƏRTAC

Xəbər 355 dəfə oxundu.