Xosep Qvardiola Joze Mourinyonun rekordunu təkrarlayıb
“Mançester Siti”nin UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlməsi ilə Xosep Qvardiola daha bir rekorda şərik olub.

50 yaşlı mütəxəssisin komandası 8-ci dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. “Barselona” və “Bavariya”ya rəhbərlik etdiyi vaxtlar 7 dəfə bu göstəriciyə imza atan Qvardiola, komandasının “Borussiya” üzərində qələbəsi ilə ilk pillədə olan Joze Mourinyoya çatıb.

Çempionlar Liqasında ən çox çempionluq yaşayan baş məşqçilər Zinədin Zidan, Karlo Ançelotti və Bob Peyslidir. Aktivində 2 çempionluq olan Qvardiola bu il titulu qazanarsa, bu üçlüyə şərik çıxacaq.

X.Qvardiola baş məşqçi kimi ilk dəfə 2008-2009-cu il mövsümündə mötəbər turnirin yarımfinalına yüksəlib. Həmin vaxt “Barselona”nın baş məşqçisi olan Qvardiolanın komandası turnirin qalibi olmuşdu.

Qeyd edək ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün yarımfinal mərhələsində PSJ ilə qarşılaşacaq.


Xəbər 374 dəfə oxundu.