Yaponiya hakim partiyasının baş katibi Olimpiadanın təxirə salınmasının mümkünlüyünü bildirib
“Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təxirə salınması variantı COVID-19 virusu ilə əlaqədar vəziyyətdən asılı olaraq mümkündür.

Bu fikri Yaponiyanın hakim Liberal Demokratik Partiyasının baş katibi Toşihiro Nikai Kyodo agentliyinə müsahibəsində səsləndirib.

“Keçirilməsi mümkün olmayacağı təqdirdə, onu təxirə salmaq lazım gələcək”, - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Yaponiyada peyvəndləməyə məsul nazir Taro Kono da Olimpiya və Paralimpiya oyunlarının tamaşaçılarsız keçirilməsinin mümkünlüyünü bildirib.

Xatırladaq ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışlar bir il müddətinə təxirə salınıb.

Bu il martın 20-də təşkilatçılar Olimpiya Oyunlarının əcnəbi tamaşaçılarsız keçirilməsi barədə qərar qəbul ediblər. Yapon tamaşaçıların yarışlara buraxılması məsələsinə daha sonra baxılacağı bildirilib.

Xəbər 369 dəfə oxundu.