Bu gün UEFA Avropa Liqasının yarımfinalçıları məlum olacaq
Bu gün futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.

Cavab qarşılaşmalarından sonra yarımfinala vəsiqələrin sahibləri bəlli olacaq.

Gecənin maraqlı oyunlarından biri İtaliyada baş tutacaq. Niderlandda “Ayaks”a 2:1 hesabı ilə qalib gələn “Roma” cavab qarşılaşmasında üstünlüyünü qorumağa çalışacaq.

“Mançester Yunayted” İngiltərədə İspaniyanın “Qranada” komandasını sınağa çəkəcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanmış “Qırmızı şeytanlar” cütün taleyini demək olar ki, həll ediblər.

“Qarabağ”la eyni qrupda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubunun da yarımfinala adlamaq üçün yaxşı şansı var. Xorvatiyada “Dinamo Zaqreb” klubunu minimal hesabla məğlub edən La Liqa təmsilçisinə evdə heç-heçə də sərf edəcək.

İngiltərənin “Arsenal” klubu isə Çexiyada “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən verən “Topçular” mərhələni keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da ən azı bol qollu heç-heçə etməlidirlər.

Xəbər 376 dəfə oxundu.