Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirin açılış mərasimi keçirilib
Vətən müharibəsi şəhidi, idmançı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirin açılış mərasimi keçirilib.

Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə reallaşıb.

Onlayn tədbirdə Murad Məmmədov haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Açılış mərasimdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov Vətən müharibəsində qazanılan qələbəmizdən söz açıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Sonra çıxış şəhidin atası İlham Məmmədov və Murad Məmmədovun təhsil aldığı 37 saylı tam orta məktəbin direktoru Ceyhun Bayramlı çıxış ediblər. Bildirilib ki, Murad 15 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə alıb. Məktəb illərində Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olub, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə edib. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Vətən müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak edib və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Çıxışlardan sonra yarışlara start verilib.

Xəbər 381 dəfə oxundu.