Şahmatçılar iddiaçılar turnirində iştirak etmək üçün aprelin 15-17-də Yekaterinburqa gedəcəklər
Şahmatçılar iddiaçılar turnirində iştirak etmək üçün aprelin 15-17-də Yekaterinburqa gedəcəklər.

Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç TASS informasiya agentliyinə müsahibəsində deyib.

Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları, lakin koronavirus pandemiyası səbəbindən dayandırılmış turnir aprelin 19-da davam etdiriləcək.

İddiaçılar turniri martın 26-da 7-ci turdan sonra yarımçıq dayandırılıb. Yeddi turdan sonra Yan Nepomnyaşi (Rusiya) və Maksim Vaşe-Laqrav (Fransa) 4,5 xalla birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları Aniş Giri (Niderland), Aleksandr Qrişuk (Rusiya), Fabiano Karuana (ABŞ) 3,5, Kiril Alekseyenko (Rusiya) və Liren Dinq (Çin) 2,5 xal toplayıblar.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xəbər 343 dəfə oxundu.