London Olimpiadası start götürməmiş daha bir qalmaqal ortaya çıxıb
London Olimpiadası start götürməmiş daha bir qalmaqal ortaya çıxıb. İdman.com.az saytının məlumatına görə, afrikalı idmançı Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

İdmançının adı anonim saxlanılır. Ancaq onun Şərqi Afrika ölkələrinin nümayəndələrindən biri olduğu məlumdur. Özü də onun Sudan təmsilçisi olmağı güman edilir ki, bu ölkəni Olimpiadada 6 idmançı təmsil edəcək. Sudan Olimpiya Komitəsi hələ ki baş verənləri şərh etmir.

İdmançı bildirib ki, vətənində siyasi təqiblərin qurbanı olub. O, Stratforddakı Olimpiya kəndinə getməyə hazırlaşan yığmasının düşərgəsini tərk edib. Polisdən verilən məlumata görə, zəng edən şəxs tutularaq, sərhəd orqanlarına təhvil verilib. Böyük Britaniyanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, Londona gələn bütün idmançılar oranı Olimpiadadan sonra tərk etməli olacaq. Bundan sonra siyasi sığınacaqla bağlı ərizələr adi qaydada qəbul olunacaq.

Qeyd edək ki, afrikalı Olimpiadanın keçirildiyi ölkədə siyasi sığınacaq istəyən ilk idmançı olub. Hakimiyyət hələ çox belə xahişlərin olacağını güman edir. Belə ki, 2000-ci ildə Sidneydəki Olimpiadada 35 idmançı siyasi sığınacaq istəyib, 62 nəfər itkin düşüb, 145 nəfər qanun pozuntusuna yol verib.

Xəbər 808 dəfə oxundu.