Böyük Britaniya Qran-Prisinin rəhbərliyi bu mövsüm Formula 1 yarışını dolu tribunalarda keçirmək istəyir
Böyük Britaniya Qran-Prisinin rəhbərliyi bu mövsüm Formula 1 yarışını dolu tribunalarda keçirmək istəyir.

Bu məqsədlə Böyük Britaniyadakı avtodromun rəhbərliyi bəyanat yayıb. Yarışın təşkilat komitəsi yalnız vaksinasiyadan keçən Formula 1 həvəskarlarına bilet satmağı planlaşdırır. Komitə həmçinin, Böyük Britaniyanın baş naziri Boris Consona müraciət də ünvanlayıb. Məsələ ondadır ki, ötən mövsüm azarkeşsiz keçirilən yarış Böyük Britaniya Qran-Prisinin təşkilatçılarına maddi zərbə vurub. Halbuki, buna qədər Böyük Britaniya Qran-Prisini avtodromdan 120 min tamaşaçı izləyirdi.

Britaniyalı funksionerlər Formula 1-də qeyri-müəyyənliyin hökm sürməsindən narahat olduqlarını bildiriblər. Bəyanatda həmçinin avtodromlarda azarkeşlərin sosial məsafəni qorumasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, yaydan Formula 1-də azarkeşlərin avtodromlara buraxılması məsələsi müzakirə olunur. Artıq müəyyən Qran-Prilərdə məhdud sayda azarkeşlərin avtodromlara daxil ola biləcəyi ilə bağlı söhbətlər dolaşır.

Xəbər 351 dəfə oxundu.