“Julius Baer Challengers Chess Tour”: Günay Məmmədzadə 17-ci sırada qərarlaşıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin birinci mərhələsi başa çatıb.

Bu gün şahmatçımız son 4 turda mübarizə aparıb. Belə ki, o, 16-cı tur çərçivəsində ilk qarşılaşmasında çinli Çju Tsziner, növbəti turda hindistanlı Nihal Sarinə məğlub olub. 18-ci turda belaruslu Olqa Badelka üzərində qələbə qazanan şahmatçımız Çinin daha bir təmsilçisi Ley Tintseyə uduzub. Beləliklə, G.Məmmədzadə 19 turda 5,5 xal toplayaraq 17-ci sırada qərarlaşıb. Turnirin birinci mərhələsinin qalibi 15,5 xalla hindistanlı şahmatçı Rameşbabu Praqnanandha olub.

Turnirdə hər komandada 10 şahmatçı olmaqla, iki komanda mübarizə aparıb. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edib.

Qeyd edək ki, “Julius Baer Challengers Chess Tour” çərçivəsində daha 3 turnir keçiriləcək və hər mərhələ 4 gün davam edəcək. Yarışın final mərhələsi sentyabrın 9-13-də baş tutacaq. Turnirin qalibi “Play Magnus Group” flaqman seriyası olan və mükafat fondu 1,5 milyon dollar təşkil edən “Meltwater Champions Chess Tour”a vəsiqə qazanacaq.

Xəbər 342 dəfə oxundu.