Taekvondoçularımız Avropa çempionatını iki medalla başa vurublar
Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil edilən və Azərbaycan komandasının da qatıldığı böyüklər arasında Avropa çempionatının son gününün yarışları keçirilir.

Artıq komandamız qitə çempionatında çıxışını başa vurub. Belə ki, bu gün mübarizəyə qatılan iki idmançımız - 87 kiloqram çəki dərəcəsində Payam Qobadi Oğaz və 87 kiloqramdan yuxarı çəki dərəcəsində Olimpiya çempionumuz Radik İsayev ilk döyüşlərində qalib gəlsələr də, yarımfinala adlamaq şanslarını əldən veriblər. Payam Qobadi ilk qarşılaşmasında Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, serbiyalı İvan Sapina 13:14 hesabı ilə məğlub olub. Radik İsayev isə ilk rəqibi serbiyalı Milos Golubovicə (22:10) qalib gəlsə də, yarımfinalın bir addımlığında ispan rəqibi İvan Qarsiyaya 17:19 hesabı ilə uduzub.

Beləliklə, millimizin iki üzvü - kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) çempionatın gümüş, qadınlar arasında isə Minayə Əkbərova (46 kq) bürünc medallarına sahib olublar.

Xatırladaq ki, komandamız yarışda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin və baş məşqçilər Reza Mehmandosut və Elnur Amanovun rəhbərliyi ilə 11 idmançı ilə təmsil olunurdu. Hakimlərdən isə federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edib.

Xəbər 387 dəfə oxundu.