COVID-19 pandemiyasına görə Olimpiadanın məşəl estafetinin formatı dəyişdirilə bilər
Yaponiyanın bu və ya digər prefekturasında COVID-19 pandemiyasına görə yaranacaq vəziyyətdən asılı olaraq Tokio Olimpiadasının məşəl estafetinin formatı dəyişdirilə bilər.

Bu barədə Tokio Olimpiadasının təşkilat komitəsinin sədri xanım Seyko Haşimoto bildirib.

“Biz Olimpiya məşəli estafetini bütün təhlükəsizlik standartlarına uyğun şəkildə keçirmək niyyətindəyik. Lakin biz yalnız bu niyyəti rəhbər tuta bilmərik. Biz hər bir konkret bələdiyyənin icraiyyə komitəsi ilə əməkdaşlıq edərək yaranmış vəziyyətə çevik şəkildə reaksiya verəcəyik”, - deyə Olimpiadanın təşkilat komitəsinin sədri bildirib.

Qeyd edək ki, cari həftə Osaka prefekturası koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə lokal fövqəladə vəziyyət rejimi tətbiq edərək, bu prefekturanın ərazisində Olimpiya məşəlinin gəzdirilməsini qadağan edib. Nəticədə mərasim prefekturanın yalnız bir şəhərindəki parkda qısa formatda və tamaşaçılarsız keçiriləcək.

Xatırladaq ki, Olimpiya məşəli estafeti Yaponiyada martın 25-də Fukusima prefekturasındakı “J-Village” təlim-məşq bazasında başlayıb. Estafet ümumilikdə 121 gün davam edəcək və məşəlin 47 prefekturasının 859 bələdiyyəsində hərəkəti nəzərdə tutulur. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi gözlənilir.

Xəbər 422 dəfə oxundu.