“Asteras”ın baş məşqçisi Sakis Tsiolis “İnter”in potensialını yüksək sayır
“Asteras”ın baş məşqçisi Sakis Tsiolis “İnter”in potensialını yüksək sayır. İdman.com.az saytının məlumatına görə, yunan mütəxəssis Premyer Liqamızın son bürünc mükafatçısını öz Superliqalarında görür.

Belə ki, Avroliqanın II təsnifat mərhələsində 210 dəqiqə ərzində qalib gələ bilmədikləri “bankirlər” Tsiolisin xüsusi diqqətini cəlb edib: “Fikrimcə, “İnter” Yunanıstan Superliqasında oynamağa layiq komandadır. Özü də bakılılar bizim çempionatda adi ortabab olmayacaq. Düşünürəm ki, “İnter” Superliqamızda lider mövqelərdə qərarlaşardı”.

Tsiolisin sözlərindən belə çıxır ki, UEFA reytinqində 36-cı olan Premyer Liqamızda çıxış edən “İnter” daha səviyyəli çempionatda oynamağa layiq komandadır. Belə ki, Yunanıstan Superliqasında həmin reytinqdə Türkiyə və Belçikadan da öncə olaraq, 10-cu yerdədir. İlk dəfə avrokuboklarda çıxış edən “Asteras” həmin çempionatda son mövsümü 6-cı pillədə bitirib.

Qeyd edək ki, “İnter”in yunanlarla evdə 90, səfərdə 180 dəqiqə oynadığı matçlar 1:1 hesabı ilə nəticələnib. Rəqib oyun sonrası penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.

Xəbər 1111 dəfə oxundu.