Fineo De Araujo: Slovakiya-Azərbaycan oyununun nəticəsini qənaətbəxş saymıram
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirən futzal üzrə Azərbaycan millisi səfərdə Slovakiya ilə heç-heçə edib. Oyunun gedişində hesabda geri düşən komandamız matçın başa çatmasına 30 saniyə qalmış status-kvonu bərpa edib. Görüşlə bağlı açıqlama verən millimizin üzvü Fineo De Araujo nəticəni qənaətbəxş saymayıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Araujo deyib: “Bilirdik ki, oyun çətin keçəcək. Həm rəqibimiz güclü idi, həm də heyətimizdə itkilər var idi. Baş məşqçi bunu nəzərə alıb, taktiki planda dəyişiklik etdi. Yaxşı oynadıq. Əsas odur ki, xal qazandıq. Əslində, heç-heçəni yaxşı nəticə saymıram. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, 1 xalı da qənimət saymaq olar. Oyunun əvvəlində yaxşı epizod yaxalamışdım. Qol vurmağa yaxın idim. Futzal kollektiv oyundur. Mən də dəqiq oynamaq istəyirdim. Ancaq alınmadı. Qapıçı düzgün mövqe seçmişdi, həm də mən ötürmə etməyə çalışdım. Amma həmin anda qol vurmağı hamıdan çox özün istəyirsən”.

Qeyd edək ki, xallarının sayını 13-ə yüksəldən millimizin qrupu ilk pillədə başa vuracağı qətiləşib. Seçmə mərhələnin son oyununda millimiz aprelin 14-də Bakı İdman Sarayında Yunanıstan yığması ilə üz-üzə gələcək. Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Xəbər 373 dəfə oxundu.