Futzal üzrə Azərbaycan millisi Slovakiyaya yola düşüb
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.

Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcəklər. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcəklər. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.

Qarşılaşma aprelin 8-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan yığması 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

Xəbər 356 dəfə oxundu.