“Böyük dəbilqə”: Orxan Səfərov və Nicat Şıxəlizadə dörddəbir finalda üz-üzə gələcəklər
Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə 7 cüdoçumuz mübarizəyə başlayıb.

Kişilər arasında keçirilən yarışda Davud Məmmədsoy (60 kq) türkiyəli Emirhan Qarahanı məğlub edib. O, növbəti görüşünü rusiyalı Albert Oğuzova qarşı keçirəcək. Onunla eyni çəkidə mübarizə aparan Kəramət Hüseynov moldovalı Nikolae Focaya qalib gəlsə də, sonrakı qarşılaşmada belçikalı Jorre Verstraetenə məğlub olub.

Komandamızın digər üzvü Nicat Şıxəlizadə (66 kq) ilk qarşılaşmada qazaxıstanlı Çingizxan Saqınalıyevi, daha sonra belaruslu Dmitri Mınkounu məğlub edib. Dorddəbir finalda o, komanda yoldaşı Orxan Səfərovla üz-üzə gələcək. Orxan Səfərov isə belçikalı Kennet Qansbek və türkiyəli Məhəmməd Demirel üzərində qələbə qazanıb.

Qadınların turnirində isə Leyla Əliyeva (48 kq) avstriyalı Katerina Tanzeri məğlub etsə də, növbəti görüşdə italiyalı Fransesca Milanın öhdəsindən gələ bilməyib. Digər qadın cüdoçularımız Aişə Qurbanlı (48 kq) rusiyalı Anastasiya Pavlenko, Gültac Məmmədəliyeva (52 kq) isə çinli Kexin Zanga məğlub olublar.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.

Xəbər 381 dəfə oxundu.