“Avro-2020” London və Sankt-Peterburqda keçirilə bilər
Futbol üzrə “Avro-2020” İngiltərənin London və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilə bilər.

Bu barədə “beIN Sports”un müxbiri Tankredi Palmyeri özünün “Twitter” hesabında yazıb.

Jurnalist bildirib ki, UEFA təşkilatçı şəhərlərin sayını azaltsa, bu varianta üstünlük verəcək. Çünki hər iki şəhər turnir zamanı mümkün qədər çox azarkeş qəbul etməyə hazır olduqlarına zəmanət verib.

Daha əvvəl UEFA prezidenti Aleksander Çeferin “Avro-2020”nin oyunlarının azarkeşsiz keçirilməyəcəyini vurğulayıb.

Turnirin Rusiya hissəsinin Təşkilat Komitəsi Sankt-Peterburqdakı matçlara stadionun ümumi tutumunun 50 faizi həcmində tərəfdar buraxıla biləcəyini təsdiqləyib. Gələcəkdə bu rəqəmin artırıla biləcəyi istisna olunmayıb.

2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Qitə birinciliyi bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Çempionatın oyunlarına Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu “A” qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Xəbər 385 dəfə oxundu.