Ronaldonun kapitanlıq sarğısı hərraca çıxarılıb
Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Serbiya ilə oyunda meydançaya atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kapitanlıq sarğısını stadionun işçilərindən biri götürüb və onu hərraca çıxarıb. Satışdan əldə edilən gəlir xeyriyyə məqsədi ilə istifadə olunacaq. Belə ki, gəlir onurğa əzələsi atrofiyası diaqnozu qoyulan altı aylıq Qavrilo Curveçinin müalicəsinə xərclənəcək.

Ronaldonun dünya çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə matçın son dəqiqəsində vurduğu top qapı xəttini keçsə də, qol olaraq qeydə alınmamışdı. Otuz altı yaşlı hücumçu bu qərara etiraz olaraq kapitanlıq sarğısını yerə atmışdı.

Qeyd edək ki, Serbiya–Portuqaliya matçı 2:2 hesabı ilə başa çatıb.

Xəbər 380 dəfə oxundu.