Yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
Futbol üzrə Azərbaycan yığması 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Milimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.

Millimizin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Azər Salahlı, Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Maksim Medvedev, Abbas Hüseynov, İsmayıl İbrahimli, Emin Mahmudov, Anatoli Nuriyev və Əli Qurbani çıxıblar.

Serbiya seçməsinin ilk on birliyində isə Predraq Raykoviç, Uroş Spaiç, Straxinya Pavloviç, Stefan Mitroviç, Nemanya Radoniç, Sergey Milinkoviç-Saviç, Nemanya Maksimoviç, Filip Kostiç, Duşan Tadiç, Nemanya Qudel və Aleksandar Mitroviç yer alıblar.

İsrailli baş hakim Roi Reinshreiberin idarə etdiyi oyunda hesabı Serbiya millisi açıb. Müdafiəçilərimizin ani diqqətsizliyindən istifadə edən Aleksandar Mitroviç yerlə uzaq küncü nişan alaraq matçda fərqlənib. Görüşün birinci hissəsi qonaqların minimal üstünlüyü ilə yekunlaşıb – 0:1.

Qarşılaşmanın 59-cu dəqiqədə ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib – 1:1. Matçın 81-ci dəqiqəsində Serbiya komandası ikinci topu qapımızdan keçirib. Bu dəfə A.Mitroviç dubl edib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, millimiz Serbiya yığmasına 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı ilk iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.

Bu qələbədən sonra xalını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Xəbər 391 dəfə oxundu.