Batutçularımız Belarus kuboku uğrunda yarışlarda uğurla çıxış ediblər
Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri Belarusun Vitebsk şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış ediblər.

Yarışlarda 13 yaşlı yeniyetmə batutçularımız böyüklər yaş kateqoriyasında müvəffəqiyyətlə çıxış ediblər. Sinxron proqramda çıxışlarını nümayiş etdirən yeniyetmə gimnastlarımız Maqsud Mahsudov və Hüseyn Abbasov Olimpiada iştirakçıları ilə yarışaraq böyüklər arasında üçüncü nəticə göstəriblər.

M.Mahsudov fərdi proqramda da uğurla çıxış edib. O, Olimpiya çempionu Vladislav Qonçarovla eyni yaş kateqoriyasında yarışaraq, finalda yeddinci olmağı bacarıb. Bununla da təkcə məşqçi və hakimlərin deyil, gimnastların da rəğbətini qazanıb. Belə ki, Olimpiada qalibi V.Qonçarov onu təbrik edərək, “Sən mütləq Los-Angelesdə keçiriləcək Olimpiya Oyunlarında medal qazanmalısan”, - deyə bildirib.

Digər yeniyetmə gimnastımız H.Abbasov də fərdi proqramda böyüklər arasında yarışıb və 14-cü olub.

Yarışlarda ölkəmizi qadınların yarışında təmsil edən Selcan Mahsudova isə beşinci olub.

Xəbər 382 dəfə oxundu.