“Odlar yurdu” və “Təhsil idman” komandaları Avropa kubokunda pley-offa vəsiqə qazanıblar
Klublar arasında start götürən şahmat üzrə onlayn Avropa kubokunda təsnifat mərhələsinə yekun vurulub.

Bu mərhələdə Azərbaycanı 5 komanda - “Odlar Yurdu”, “Vüqar Həşimov”, “Təhsil idman”, “Gənclik” və “Nakhchivan - Noah`s Land” komandaları təmsil edib və onlardan ikisi pley-offa vəsiqə qazanıb. Komandalarımızdan E qrupunda mübarizə aparan “Odlar Yurdu” (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov) qələbələr seriyasını sona kimi davam etdirərək 18 xalla qrup qalibi olub və növbəti mərhələyə adlayıb.

Daha bir komandamız - ilk günün oyunlarını elə də uğurlu keçirməyən “Təhsil idman” (Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli) son 5 turu yüksək nəticə ilə başa vuraraq 15 xalla I qrupda ikinci yeri tutub və növbəti mərhələdə yarışmaq hüququ əldə edib.

Digər komandalarımız - “Vüqar Həşimov” (Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov) H qrupunda 13 xalla, “Gənclik” (Abdulla Qədimbəyli, Murad İbrahimli, Xəzər Babazadə, Atilla Eynullayev, Read Səmədov, Cahandar Azadəliyev) D qrupunda 11 xalla 3-cü, “Nakhchivan - Noah`s Land” (Urfan Semdimalıyev, Talıb Babayev, Pərviz Qasımov, Toğrul Həsənzadə, Sadiq Məmmədov və Sadiq Qarayev) isə G qrupunda 6 xalla 7-ci yeri tutub.

Xəbər 409 dəfə oxundu.