“Böyük dəbilqə” turnirini Azərbaycan komandası iki medalla başa vurub
Tbilisidə keçirilən “Böyük dəbilqə” turniri başa çatıb.

Yarışın son günündə ağır çəkili cüdoçularımız Uşangi Kokauri (100 kiloqramdan yuxarı) və Aslan Mirzəyev (100 kiloqram) mübarizə aparıblar. A.Mirzəyev ilk qarşılaşmada Reda Nafvanı (Qətər) məğlub etsə də, özbəkistanlı rəqibi Muzaffarbek Turoboyevlə bacarmayıb. Digər cüdoçumuz, U.Kokauri isə Türkiyə təmsilçisi Cemal Erdoğana məğlub olaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan komandası yarışı iki bürünc medalla başa vurub. Belə ki, turnirin birinci günü kişilər arasında 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov onaltıdabir finalda Rodriqo Lopesi (Portuqaliya), səkkizdəbir finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Tornine Tsjakadoea ilə qarşılaşmada məğlub olub. Təsəlliverici görüşdə Monqolustan təmsilçisi Ariunbold Enkhtayvana qalib gələn idmançımız bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. K.Hüseynov üçüncü yer uğrunda görüşdə rusiyalı Konstantin Simeonidis ilə qarşılaşmalı olsa da, rəqib zədə səbəbindən görüşdən imtina etdiyinə görə, cüdoçumuz qalib elan edilərək üçüncü yerə sahib olub.

Növbəti bürünc medalı isə komandamıza 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev qazandırıb. O, ardıcıl olaraq Din Gemer (İsrail), Xose Mendiola (İspaniya) və Abdelrahman Məhəmmədi (Misir) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Toto Grigalaşvili (Gürcüstan) ilə qarşılaşmadan məğlub ayrılıb.

Təsəlliverici görüşdə Portuqaliyanı təmsil edən Anri Egutidzeyə qalib gələn idmançımız bürünc medal uğrunda kanadalı Antuane Valua-Forte ilə mübarizə aparıb. Rəqibi üzərində qələbə qazanan cüdoçumuz üçüncü yeri tutub.

Komandamız iki bürünc medalla 16-cı sırada qərarlaşıb.
Medalların sayına görə Gürcüstan komandası (2 qızıl, 3 gümüş, 4 bürünc medal) birinci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Kanada (2 qızıl, 1 gümüş, 1 bürünc medal) və Monqolustan (2 qızıl, 2 bürünc medal) yığmaları tutublar.
Turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparıb. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunub.

Xəbər 387 dəfə oxundu.