Yaponiyanın “Sports Houchi” qəzeti Keysuke Hondanın “Neftçi” klubuna transferi barədə xüsusi məqalə yayıb
Yaponiyanın idman sahəsində tanınmış nəşrlərindən olan “Sports Houchi” qəzeti milli komandanın keçmiş oyunçusu Keysuke Hondanın Azərbaycanın “Neftçi” futbol klubuna keçidi barədə xüsusi məqalə yayıb.

“Hondanın “Neftçi”yə transferini Soiçi Noquçi kosmosdan təbrik etdi” adlı məqalədə 34 yaşlı futbolçunun hazırda Beynəlxalq Kosmik Stansiyada olan yapon astronavt tərəfindən təbrik edildiyi və JAXA tərəfindən təqdim edilən fotoda “Neftçi”yə keçidinizi təbrik edirəm! Yeni dünyada əlinizdən gələn hər şey edəcəyinizə əminəm” sözlərinin qeyd edildiyi əksini tapıb.

Məqalədə hazırda Yaponiyada yaşayan soydaşımız, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərə istinadla ölkəmiz haqqında məlumatlara da geniş yer verilib. Qeyd edilib ki, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan şimalda Rusiya, cənubda İranla həmsərhəddir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Tokioya səfərindən sonra Azərbaycan ilə Yaponiya arasında sıx əməkdaşlıq əlaqələrinin formalaşdığı, Prezident İlham Əliyevin 2006-cı ildə bu ölkəyə səfəri ilə ikitərəfli münasibətlərdə yeni mərhələnin başladığı yazıda xüsusi vurğulanıb. Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan regionun ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, burada idmana böyük diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, ilk Avropa Oyunları Bakıda baş tutub. Son illər müntəzəm şəkildə təşkil edilən Formula-1 Azərbaycan Qran Prisini isə bütün dünya ilə yanaşı, yapon azarkeşlər də böyük diqqətlə izləyirlər. Burada karate, güləş, cüdo, sumo və aykido kimi idman növlərinə xüsusi maraq var.

Məqalədə X.Kələntərə istinadla bildirilir ki, Yaponiya Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarında həmişə ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. İki ölkə arasında yalnız idman sahəsində deyil, həmçinin təhsil və mədəniyyət sahələrində də sıx əməkdaşlıq mövcuddur.

Yazıda Yaponiya şirkətlərinin Azərbaycanın Xəzər dənizində formalaşan enerji layihələrində yaxından iştirak etdiyi də öz əksini tapıb. Qeyd edilib ki, hazırda qeyri-neft sektorunun inkişafına çalışan Azərbaycan Yaponiya ilə bu sahədə də əməkdaşlığı qurmaq üçün geniş potensiala malikdir.

Məqalədə K.Hondanın “Neftçi” futbol klubuna transferinin iki ölkə arasında yalnız idman sahəsində deyil, eyni zamanda, digər sahələrdə də əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyi vurğulanıb.

Xəbər 383 dəfə oxundu.