Formula 1 Bəhreyn Qran-Prisində Hemilton və Ferstappen arasında maraqlı mübarizə gözlənilir
Formula 1 dünya çempionatının 23-cü mövsümünün həftəsonu keçiriləcək ilk mərhələsində qələbəyə iddiaçılardan biri – “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen Bəhreyn Qran-Prisində səkkizinci dəfə qalib olmaq istəyən “Mercedes”in pilotu Lyuis Hemiltonun əsas rəqibi olacaq.

Sahir trasında qələbə qazanmaq şansını yüksək qiymətləndirən 23 yaşlı Ferstappen ötən il Yas Marina avtodromunda “Mercedes”in altı illik hegemonluğuna son qoya bilib. Niderlandlı pilot mövsümün ilk yürüşü ilə bağlı deyib: “Mən və təmsil etdiyim komanda ən yüksək zirvəni fəth etməyə hazırıq. Bəhreyn trasını çox bəyənirəm və burada nəyə qadir olduğumuzu göstərəcəyik”.

Ferstappen Sahir trasında üç sınaq yürüsündən ikisində finişə birinci çatıb. Bu yürüşlərdə “Red Bull”dan geri qalan “Mercedes”in rəhbəri Toto Volff bildirib ki, rəqib yüksək performans nümayiş etdirsə də, kimin qələbə qazanacağı əsas yürüş günü məlum olacaq.

Xəbər 401 dəfə oxundu.