GMT Esports komandamız "Valorant Champions Tour Split 1" yarışında mükafatçılar sırasında yer alıb
Azərbaycanda kiberidman üzrə ilk komanda – GMT Esports “Valorant” oyunu üzrə beynəlxalq turnirdə yüksək nəticə göstərib.

Ölkəmizin təmsilçisi MDB və Avropa ölkələrinin iştirak etdiyi "Valorant Champions Tour Split 1" yarışında mükafatçılar sırasında yer almağı bacarıb.

2020-ci ildə yaradılan GMT Esports layiqli mübarizədə MDB regionu üzrə 3-4-cü yerləri bölüşdürüb. Təmsilçilərimiz yüksək nəticə sayəsində 13 min ABŞ dolları qazanıb. Bu Azərbaycan təşkilatının əldə etdiyi ilk pul mükafatı olub.

Dünyada böyük rəğbət qazanan "Valorant" turniri hazırda əksər ölkələrdə geniş yayılmaqdadır. Bu fikri söyləyən GMT Esports təşkilatının rəhbəri Oqtay Qasımzadə mətbuata açıqlamasında əldə olunan yüksək nəticə barədə açıqlama verib: “Bu Azərbaycanda kiberidmanın və təşkilatın inkişafına dəstək olacaq uğurdu. Qısa müddət ərzində hər təşkilat belə yüksək nəticə qazana bilməz. Biz nəticəmizlə fəxr edirik. Oyunlar zamanı minlərlə azarkeş yarışı internetdən canlı izləyir. Komandamızın oyun vaxtı şərhçilər efirdə Bakı və Azərbaycan barədə danışır. Bu həm də ölkəmizin və şəhərimizin təbliğatına çevrilir. Qazanılan yüksək nəticə gəncləri kiberidmana olan həvəsini artıracaq. Əvvəllər gənclər kiberidmanda yarışlarda iştirak etməklə həm də maddi baxımdan qazanacaqlarını təsəvvür edə bilməzdi. İndi isə Azərbaycanda bu mümkündür. Biz gənclərimizi gözləyirik. İnanırıq ki, əldə etdiyimiz yüksək nəticə kiberidmanın ölkəmizdə maraq dairəsini artıracaq”.

Xəbər 497 dəfə oxundu.