Tokio Olimpiadasının məşəl estafetində təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetiriləcək
Martın 25-də Yaponiyanın Fukuşima prefekturasında start götürəcək məşəl estafeti zamanı əsas diqqət təhlükəsizlik tədbirlərinə yetiriləcək.

Bu barədə “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri xanım Seyko Haşimoto bu gün keçirilən mətbuat konfransı zamanı bəyan edib.

“Estafet zamanı əsas prioritet yalnız atletlərin deyil, eyni zamanda, marşrut boyunca yerli əhalinin təhlükəsizliyinin təmin olunmasına yetiriləcək. Cəlb ediləcək personalın səhhəti də daim yoxlanacaq. Yol boyunca çoxsaylı insanların toplaşmaması üçün biz yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edəcəyik”, - deyə S.Haşimoto bildirib.

Təşkilat komitəsinin sədri deyib ki, Olimpiya və Paralimpiya Oyunlarının məşəl estafeti Yaponiyada 2011-ci il zəlzələsindən və sunamidən sonra bərpa işləri ilə sıx əlaqələdir. “Biz istəyirik ki, bütün dünya Yaponiyanın şimal-şərqində aparılan bərpa işlərinə diqqət yetirsin. Bununla bağlı bir sıra təşəbbüslər də irəli sürülüb. Məsələn, qalib idmançıların mükafatlandırılması üçün ölkənin şimal-şərqində yetişdirilən çiçəklər seçilib. Həmçinin “Atletlər kəndində” idmançılara Fukuşima da hazırlanan qida məhsulları təklif ediləcək”.

Qeyd edək ki, Tokio Olimpiadasının məşəl estafeti Naraha şəhərində yerləşən “J-Village” futbol məşq mərkəzində başlayacaq. Koronavirus pandemiyasına görə mərasim tamaşaçılarsız keçiriləcək. Mərasimdə çıxış edən məktəblilər xoru “Hana wa saku” (“Çiçəklər açanda”) mahnısını ifa edəcəklər. Həmin mahnı NHK telekanalının köməyi ilə 2011-ci ildə zəlzələ və sunamidən zərər çəkən rayonlara xeyriyyə marafonu çərçivəsində yazılıb.

Qeyd edilir ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi planlaşdırılır.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Xəbər 378 dəfə oxundu.