“Gimnastika hamı üçün” növü üzrə ilk milli onlayn festival keçirilib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə “Gimnastika hamı üçün” növü üzrə ilk milli onlayn festival keçirilib.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, onlayn festivalda 17 komanda öz çıxış proqramını təqdim edib. Bu komandalar arasında Masallı, Lənkəran, Zaqatala, Göyçay, İsmayıllı, Mİngəçevir və Ağdaş təmsilçiləri də yer alıb.

6-16 yaş kateqoriyasında “Piratlar” komandası, 16-30 yaş kateqoriyasında “The Legends” komandası, 50 yaş və daha böyük yaş kateqoriyasında “Young and Beauty” komandası qalib olub.

Gimnastika yüksək səviyyəli yarışların keçirildiyi idman növü olmaqla yanaşı, bütün idman növlərinin əsasını təşkil edir. Ölkəmizdə “Gimnastika hamı üçün”ə aid ilk milli tədbir 2010-cu ildə Yeni İl ərəfəsində təşkil olunmuş nağıl-tamaşa hesab olunur. Həmin ildən etibarən ənənəvi olaraq hər ilin sonunda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan gimnastikanın 6 növü üzrə Azərbaycan yığma komandalarının gimnastları, məşqçiləri, xoreoqrafları “Gimnastika hamı üçün” adı altında birləşərək yadda qalan çıxışlar nümayiş etdirirlər.

Xəbər 404 dəfə oxundu.