“Xəzər Lənkəran” 8 illik tarixində Polşada 2-ci oyununu keçirəcək
Bu gün “Xəzər Lənkəran” 8 illik tarixində Polşada 2-ci oyununu keçirəcək. İdman.com.az saytının məlumatına görə, lənkəranlıların həmin ölkədə bundan əvvəlki oyunu da “Lex”lə olmuşdu. Söhbət 2008-ci ildə UEFA kubokunun I təsnifat mərhələsindəki matçdan gedir. Onda Poznanda keçirilən matç “Xəzər Lənkəran”ın 1:4 hesablı məğlubiyyəti ilə nəticələnmişdi ki, komandanın yeganə qolunu hazırda məşqçisi olan keçmiş hücumçu Zaur Ramazanov vurmuşdu.

Həmin vaxt səfərdə 1:0 hesabı ilə qalib gələn “Lex” bu dəfə UEFA kubokunun davamçısı, yeni adını daşıdığı Avroliqada cənublulara rəqibdir. “Xəzər Lənkəran” evdə 1:1 hesablı heç-heçə edib və səfərdə ilk növbədə qol vurmaq vəzifəsini yerinə yetirməlidir. Bu iş isə Branimir Subaşiçin üzərinə düşərək, əsas ümidlər onadır. Çünki milli komandamızın üzvü “Xəzər Lənkəran”ın Avroliqada hər 3 oyununda meydanı qolsuz tərk etməyib.

Xəbər 841 dəfə oxundu.