Kilian Mbappe Fransa Birinci Liqasında rekorda imza atıb
Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Lion"un qonağı olub.

Görüş Lionda "Stad de Lümer" stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolları Danilu və Anxel Di Mariya vurub. "Lion"un heyətində İslam Slimani və Maksvell Korne fərqləniblər.

Bu, 22 yaşlı Mbappe üçün rekord göstərici olub. O, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.

Mbappe Birinci Liqanın cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, bununla yanaşı, 6 məhsuldar ötürmə edib.

PSJ 63 xal yığaraq Birinci Liqanın yarış cədvəlində birinci yerə yüksəlib. "Lion" 60 xalla üçüncü yerdə qərarlaşıb.

Xəbər 360 dəfə oxundu.