Maqnus Karlsen “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin bürünc medalını qazanıb
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin həlledici oyunları keçirilir.

Üçüncü yer uğrunda cavab matçında norveçli dünya çempionu Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanaraq turnirin bürünc medalını qazanıb.

Final mərhələsinin ikinci matçında Niderland təmsilçisi Aniş Girinin Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə qarşılaşmaları davam edir. Cavab matçında qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. Bu mərhələdə də qaliblərin müəyyənləşməyəcəyi təqdirdə, şahmatçılar armaqeddonda güclərini sınayacaqlar. Final mərhələsində birinci matçda Aniş Girinin Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.


Xəbər 369 dəfə oxundu.