Güləşçimiz Tatyana Omelçenko Avropa Olimpiya təsnifat turnirində bürünc medal qazanıb
Azərbaycan güləşçisi Tatyana Omelçenko Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində bürünc medal qazanıb.

Turnirdə 62 kiloqram çəki dərəcəsində çıxış edən T.Omelçenko mübarizəyə dörddəbir finaldan başlayıb və ilk görüşdə latviyalı dördqat Avropa çempionu Anastasiya Qriqoryevaya minimal fərqlə yenilib. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O bu mərhələdə italiyalı güləşçini məğlub edərək bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli rəqibindən də üstün olan təmsilçimiz turniri üçüncü pillədə başa vurub.

Azərbaycan millisi ötən gün Avropa Olimpiya təsnifat turnirində 4 medal qazanıb. Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələniblər. H.Əliyev və H.Hacıyev, eyni zamanda, "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

Xəbər 380 dəfə oxundu.