Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisi Ciddə Şəhər Halqasını təqdim edib
Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisi yeni Ciddə Şəhər Halqasını təqdim edib.

Dekabrın 3-5-də krallıqda ilk dəfə keçiriləcək F1 dünya çempionatının 23-cü yürüşü dünyanın ən uzun məsafəli və sürətli şəhər halqasında baş tutacaq.

Təqdimat mərasimində bildirilib ki, 6175 kilometr uzunluğunda olan Ciddə Şəhər Halqası pilotlara sürəti saatda 322 kilometrə çatdırmağa imkan verəcək. Qırmızı dənizin sahilləri boyu uzanan trasda yürüşün axşam saatlarında, neon işıqları fonunda keçirilməsi nəzərdə tutulur. Şəhər halqasının dizaynı Səudiyyə Ərəbistanının “Tilke Engineers” və F1-in mühəndislik şöbəsi tərəfindən tərtib olunub. Layihədə trasın ətraf yollarla kəsişməsinə istisna edilib və bu, sürəti maksimum həddə çatdırmağa imkan verir. Bu səbəbdən Ciddə halqası şəhər trasları arasında ən orijinalıdır.

Layihənin virtual təqdimatını həyata keçirən Səudiyyə Ərəbistanının şahzadəsi, krallığın Avtomobil və Motosiklet İdmanı Federasiyasının prezidenti Xalid Bin Sultan Əl-Faysal bildirib ki, Ciddə yürüşü F1 dünya çempionatının tarixində yeni mərhələ olacaq.

Formula 1-in idman direktoru Ross Braun çıxışında qeyd edib ki, Ciddə Şəhər Halqası yarışların tarixində ən sürətli və təhlükəsiz yürüşün keçirilməsinə imkan verəcək. “F1 Səudiyyə Ərəbistanı Qran-Prisi həm pilotlar, həm də azarkeşlər üçün ən maraqlı yürüş olacaq. Tras o qədər qeyri-adidir ki, dekabradək gözləməyə səbrimiz çatmır”, -deyə F1 rəsmisi əlavə edib.

Xəbər 412 dəfə oxundu.