“Champions Chess Tour”: Şahmat seriyasının dördüncü mərhələsinin final görüşləri keçiriləcək
Bu gün dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək.

Finalda Niderland təmsilçisi Aniş Giri Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Üçüncü yer uğrunda isə norveçli dünya çempionu Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcəklər. İki gün davam edəcək həlledici görüşlərdə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. Bu mərhələdə də qaliblərin müəyyənləşməyəcəyi təqdirdə, şahmatçılar armaqeddonda güclərini sınayacaqlar.

Qeyd edək ki, yarımfinalda Aniş Giri Uesli So, Yan Nepomnyaşi Maqnus Karlseni məğlub edərək finala vəsiqə qazanıblar.
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb.

Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Xəbər 388 dəfə oxundu.