Dörd qadın güləşçimiz Avropa Olimpiya təsnifat turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Turnirin ikinci yarış günündə - martın 19-da qadın güləşçilər mübarizəyə qoşulublar.

Milli komandamızın üzvü Leyla Qurbanova (53 kq) ilk mərhələdə yerli güləşçi üzərində minimal hesablı qələbə qazanıb. Ancaq 1/4 finalda Belarusdan olan ikiqat dünya və ikiqat Avropa çempionu Vanesa Kolodinskaya ilə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Moldova idmançısı ilə qarşılaşacaq.
Güləşçimiz Alyona Kolesnik (57 kq) startda bolqar həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün A.Kolesnik təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Rusiya idmançısı olacaq.
Turnirdə 68 kiloqram çəki dərəcəsində çıxış edən Elis Manolova səkkizdəbir finalda erkən qələbəyə sevinib. Avropa çempionumuz cəmi 43 saniyə ərzində İsrail təmsilçisini "tuşe" ilə xalçadan məyus yola salıb. E.Manolova litvalı rəqibinə də aman verməyərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında son Avropa çempionu, Rusiyanı təmsil edən azərbaycanlı Xanım Vəliyevayla qarşılaşan yığmamızın üzvü məğlubiyyətlə üzləşib. Bürünc medal uğrunda xalça üzərinə çıxacaq təmsilçimizin rəqibi moldovalı güləşçi olacaq.
Mübarizəyə dörddəbir finaldan qoşulan Tatyana Omelçenko (62 kq) latviyalı dördqat Avropa çempionu Anastasiya Qriqoryevaya minimal fərqlə yenilib. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O bu mərhələdə italiyalı güləşçi ilə üz-üzə gələcək.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri martın 20-də keçiriləcək.

Xəbər 379 dəfə oxundu.