ABŞ-da yaşayan gənc idmançı qələbəsini Vətən müharibəsində şanlı Zəfərə həsr edib
ABŞ-da yaşayan gənc həmyerlimiz Elnur Hüseynov Florida ştatının Orlanda şəhərində keçirilən ciu-citsu üzrə yarışlarda bütün rəqiblərini məğlub edərək yüksək nəticə göstərib.

Həmyerlimiz 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Elnur Hüseynov 2004-cü ildə Bakıda anadan olub və 6 nömrəli məktəbdə əla qiymətlərlə oxuyub. Bakıda Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində cüdo ilə məşğul olub. Uşaqlar arasında keçirilən yarışlarda dəfələrlə Azərbaycan çempionu olub.

Anasının təhsili ilə əlaqədar 2015-ci ildə valideynləri ilə birlikdə ABŞ-ın Florida ştatına köçüblər. Floridada yaşadığı müddətdə Elnur dərslərini əla oxumaqla yanaşı, idmanla da mütəmadi məşğul olub, müxtəlif yarışlarda yüksək nəticələr göstərib. Hazırda 11-ci sinif şagirdi olan Elnur Hüseynov məşğul olduğu Braziliya ciu-citsusu üzrə göy kəmər ustasıdır. Onun kiçik qardaşı Hüseyn də qardaşı Elnur kimi, həm dərs əlaçısıdır, həm də Braziliya ciu-citsusu ilə fəal şəkildə məşğul olur.

Bu yaxınlarda çempionluq əldə etmiş Elnur Hüseynovu çoxlarının sevimlisinə çevirən isə onun vətənpərvərliyi, doğma yurdu Azərbaycana olan sevgisi və qələbə əzmidir. Belə ki, yarışlarda 20-27 yaşlı idmançılarla keçirdiyi bütün görüşləri tam qələbə ilə başa vuran 17 yaşlı azərbaycanlı gəncin tələbi ilə qarşılaşmalar zamanı tabloda Azərbaycan bayrağı əks etdirilib. Elnurun babası polkovnik Əfsələddin Zakirov Azərbaycan Ordusunun zabitidir. Elnur yarışdan sonra bildirib ki, qələbəsini torpaqlarımızın azad olunması ilə nəticələnən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərinə həsr edir.

Xəbər 360 dəfə oxundu.