Lisenziya yarışında güləşçilərimizin rəqibləri müəyyənləşib
Martın 18-də Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.

Bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və lisenziya yarışında ölkəmizi təmsil edəcək 16 güləşçinin rəqibi müəyyənləşib.

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) almaniyalı Niklas Steşele, Hacı Əliyev (65 kq) George Ramm (Böyük Britaniya),

Hacımurad Hacıyev (74 kq) fransalı Andre Afa, Abubakr Abakarov (86 kq) Macarıstan təmsilçisi İştvan Vereb, Camaləddin Məhəmmədov (125 kq) finlandiyalı Tapani Heyno ilə üz-üzə gələcək.

Qadın güləşi üzrə millimizin üzvlərindən Leyla Qurbanova (53 kq) Timea Şeker (Macarıstan), Alyona Kolesnik (57 kq) bolqarıstanlı Evelina Nikolova (Bolqarıstan), Tatyana Omelçenko (62 kq) Anastasiya Qriqoryeva (Latviya) - Sara Da Kol (İtaliya) cütünün qalibi, Elis Manolova (68 kq) İlana Kratiş (İsrail) və Gözəl Zutova (76 kq) Corcina Neltorp (Böyük Britaniya) ilə qarşılaşacaq.

Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (60 kq) Justas Petraviçyus (Litva), İslambek Dadov (67 kq) rumıniyalı Mihay Mihut, Sənan Süleymanov (77 kq) Aleksandrin Qutu (Moldova), İslam Abbasov (87 kq) Şimon Şimonoviç (Polşa) - Daniel Aleksandrov (Bolqarıstan) cütünün qalibi ilə, Murad Lokyayev (97 kq) Laokratis Kesidis (Yunanıstan), Beka Kandelaki (130 kq) isə yunanıstanlı Aleksandros Papadatos (Yunanıstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın proqramına əsasən martın 18-19-da sərbəst, 19-20-də qadın, ayın 20-21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Yarımfinallar saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Olimpiadaya lisenziya əldə edəcəklər.

Məsul yarışda I-S kateqoriyalı hakimimiz Asif Şirəliyev ədaləti qoruyacaq.

Xəbər 383 dəfə oxundu.