Şahmat üzrə klublararası Avropa kubokunda Azərbaycanın daha bir komandası iştirakını təsdiqləyib
Martın 27-də start götürəcək şahmat üzrə klublararası onlayn Avropa kubokunda Azərbaycanın daha bir komandası iştirakını təsdiqləyib.

“Təhsil” komandası yarışa 6 şahmatçı ilə qatılacaq. Komandanın heyətində Misrətdin İsgəndərov, Rəsul İbrahimov, Məhəmməd Muradlı, Günay Məmmədzadə, İsmayıl Şahəliyev, Nail Bəşirli mübarizə aparacaqlar. Komandanın kapitanı Rəsul İbrahimovdur.

Qeyd edək ki, bundan əvvəl daha iki komandamız yarışda iştirak etmək üçün qeydiyyatdan keçib. Belə ki, “Odlar yurdu” komandasının heyətində Şəhriyar Məmmədyarov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov yer alıblar. Yarışda iştirak edəcək daha bir kollektivimiz – “Vüqar Həşimov” komandasının heyətində isə Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov mübarizə aparacaqlar. “Odlar yurdu” komandasının kapitanı Cahangir Ağarəhimov, "Vüqar Həşimov" komandasının kapitanı isə Anar Allahverdiyevdir.

Qeyd edək ki, qitə kubokunda iştirak edəcək komandanın heyəti 4 əsas, 2 ehtiyat oyunçudan ibarətdir. Şahmatçıların reytinqi 2000-dən az olmamalıdır. Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, ayın 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Xəbər 402 dəfə oxundu.