Azərbaycan Gimnastika Federasiyası Novruz bayramı münasibətilə bir sıra tədbirlər keçirib
Azərbaycan Gimnastika Federasiyası Novruz bayramı münasibətilə bir sıra tədbirlər keçirib.

Azsport.az federasiyaya istinadla xəbər verir ki, Milli Gimnastika Arenasının ərazisindəki parkda bayram münasibətilə ağacəkmə aksiyası təşkil edilib.

Tədbirdə gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər. Həm gimnastlar, həm də məşqçilər İlaxır çərşənbəsində keçirilmiş ağacəkmə aksiyasında fəal iştirak edərək, Arenanın ərazisində yaşıllıqların artırılmasına töhfə veriblər.

Bundan başqa, federasiyanın nümayəndələri uşaq sığınacaqlarından birinə baş çəkiblər. Həmin sığınacağa batut, uşaqlara isə bayram münasibətilə hədiyyələr verilib.

Tədbirlər COVID-19 pandemiyası ilə bağlı qaydalar nəzərə alınaraq təşkil olunub.

Xəbər 419 dəfə oxundu.