Şahmat üzrə Avropa kubokunda Azərbaycanın iki komandası iştirak edəcək
Martın 27-də klublar arasında start götürəcək şahmat üzrə onlayn Avropa kubokunda Azərbaycanın iki komandası iştirak edəcək.

Yarışa qatılacaq “Odlar yurdu” komandasının heyətində Şəhriyar Məmmədyarov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Cahangir Ağarəhimov yer alıblar.

Yarışda iştirak edəcək daha bir kollektivimiz – “Vüqar Həşimov” komandasının heyətində isə Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov mübarizə aparacaqlar. “Odlar yurdu” komandasının kapitanı Cahangir Ağarəhimov, "Vüqar Həşimov" komandasının kapitanı isə Anar Allahverdiyev olacaq.

Qeyd edək ki, qitə kubokunda iştirak edəcək komandanın heyəti 4 əsas, iki ehtiyat oyunçudan ibarət olacaq. Onların da orta reytinqi 2000-dən az olmamalıdır. Şahmatçılar martın 27-28-də təsnifat mərhələsində, ertəsi gün pley-offda, ayın 30-31-də isə final oyunlarında mübarizə aparacaqlar.

Xəbər 373 dəfə oxundu.