“Meltvater” turniri: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov həlledici görüşlərini keçirəcəklər
Martın 15-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin üçüncü yarış günündə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov həlledici görüşlərini keçirəcəklər.

Bugünkü oyunlarda dörddəbir final mərhələsində mübarizə aparacaq ən yaxşı 8 şahmatçı müəyyən ediləcək. Yarışda Ş.Məmmədyarov onbirinci turda rusiyalı Yan Nepomnyaşi, sonrakı turda onun həmyerlisi Sergey Karyakinlə mübarizə aparacaq. Növbəti turda isə o, Teymur Rəcəbovla qarşılaşacaq. Son iki turda Ş.Məmmədyarovun rəqibləri Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So olacaq.

Teymur Rəcəbov isə əvvəlcə David Anton Quixarro, sonra isveçli Nils Qrandeliusla qarşılaşacaq. On üçüncü turda Şəhriyar Məmmədyarov ilə qarşılaşmadan sonra onun rəqibi Yan Nepomnyaşi olacaq. Son oyunda isə şahmatçımız Sergey Karyakinlə gücünü sınayacaq.

Teymur Rəcəbov (4,5 xal) 10 turdan sonra 11-ci, Şəhriyar Məmmədyarov (4 xal) isə 12-ci sırada qərarlaşıblar. Ötən turların nəticəsinə görə, Aniş Giri (8 xal) liderdir.

Ümumi mükafat fondunun 220 min ABŞ dolları olan “Meltvater” turnirində qalib şahmatçı 60, finalçı 40, üçüncü yerin sahibi 25 min ABŞ dollarına sahib olacaq. Turnir martın 21-dək davam edəcək.

Xatırladaq ki, Teymur Rəcəbov Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.


Xəbər 364 dəfə oxundu.