“Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının böyük finalının qalibləri müəyyənləşib
Səkkiz turnirdən ibarət “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası yarışı başa çatıb.

“Chess.az” saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriyanın 8 mərhələsindən sonra böyük final keçirilib. Final yarışında ötən mərhələlərdə ən yaxşı göstəricilərə malik olan 10 şahmatçı mübarizə aparıb. Yarışın qalibi adını seriya ərzində üç turnirin qalibi olmuş Azərbaycan şahmatçısı, İmişli şahmat məktəbinin yetirməsi Elnur Mehtiyev (8 xal) qazanıb. İkinci yerin sahibi gənc və perspektibli şahmatçımız, Bakı şahmat məktəbinin yetirməsi İsmayıl Qurbanov (6 xal) olub. Üçlüyü Quba şahmatçısı Şəhriyar Rəhmənov (4,5 xal) qapayıb.

"Karabakh is Azerbaijan" onlayn şahmat seriyasında ilk üç yeri tutmuş şahmatçılar “Azerfon” şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

İki ay ərzində davam edən seriya yarışlarında Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib.

Xatırladaq ki, seriya çərçivəsində “Jabrail Cup”, “Fuzuli Cup”, “Zangilan Cup”, “Qubadli Cup”, “Shusha Cup”, “Ağdam Cup”, “Kalbajar Cup”, “Lachin Cup” turnirləri keçirilib.

Xəbər 353 dəfə oxundu.