Tokio Olimpiadasında xarici dövlətlərin liderlərini müşayiət edənlərin sayı məhdudlaşdırılacaq
Yaponiyanın hakimiyyət orqanları koronavirusun yayılması təhlükəsini azaltmaq məqsədilə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq əcnəbi liderləri müşayiət edəcək insanların sayını azaltmağa çağırıb.

Bu barədə bazar günü Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, müraciətdə xarici dövlət liderini müşayiət edənlərin sayının 11, nazirlərin isə 4 nəfərdən çox olmaması xahiş edilir. Bu barədə xahişin xarici dövlətlərin səfirliklərinə və Milli Olimpiya komitələrinə göndərdildiyi qeyd edilir.

Bununla yanaşı, xarici rəhbərlərin Yaponiyaya gəlmə ərəfəsində ən azı 72 saat əvvəl koronavirus testi verməsi, ölkəyə gəldikdən sonra isə müvafiq yoxlamadan keçməsinin zəruriliyi qeyd edilir. Onların yarışlara qatılacaq idmançılarla görüşməməsi və xüsusi nəqliyyat vasitələrindən istifadə etməsi də xahiş olunur. Agentlik bu şəxslərin Yaponiya hökumətinin əməkdaşı tərəfindən müşayiət olunacağı, onlar tərəfindən tibbi maska daşınması, müntəzəm şəkildə əllərin yuyulması kimi sanitar qaydalara əməl olunmasına nəzarət ediləcəyi də bildirilir.

Xatırladaq ki, martın 9-da Kyodo agentliyi Yaponiya hökumətinin infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə əcnəbi tamaşaçıları Tokio Olimpiadasına dəvət etməyəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışlar bir il müddətinə təxirə salınıb və cari il iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.

Xəbər 425 dəfə oxundu.