Azərbaycan Premyer Liqası: “Qarabağ” qalib gəlib, “Sumqayıt”la “Keşlə” heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Turun açılış matçında “Qarabağ” klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sabah”ı qəbul edib.

“Azərsun Arena”da keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Filip Ozobiç 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. Otuz yaşlı xorvatiyalı yarımmüdafiəçi 42-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. 73-cü dəqiqədə isə Mahir Emreli fərqi iki topa çatdırıb.

“Qarabağ” bu qələbə sayəsində xalını 42-yə çatdırıb və bir günlük də olsa, vahid liderə çevrilib.

Günün digər oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Turun digər 2 görüşü martın 14-də oynanılacaq. “Qəbələ” klubu “Zirə”ni, “Neftçi” isə “Səbail”i qəbul edəcək.

Xəbər 327 dəfə oxundu.