BOK prezidenti: Tokio Olimpiadasında əcnəbi tamaşaçıların iştirakı barədə qərarı Təşkilat Komitəsi qəbul edəcək
Tokio Yay Olimpiya Oyunlarında əcnəbi tamaşaçıların tribunalara buraxılması barədə qərarı Olimpiadanın Təşkilat Komitəsi qəbul edəcək.

Bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax BOK-un 137-ci sessiyasından sonra təşkil edilən mətbuat konfransında deyib.

Xatırladaq ki, Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. Kyodo agentliyi martın 9-da Yaponiyanın COVID-19 pandemiyasına görə Olimpiya Oyunlarını əcnəbi tamaşaçılarsız keçirmək haqda qərar qəbul etdiyini bildirib. Lakin T.Bax sonradan Tokio tərəfindən əcnəbi tamaşaçıların Oyunlara buraxılması barədə qərarın hələ qəbul edilmədiyini deyib.

“Bu, bizim yapon həmkarlarımızın qərarı olacaq və biz ona hörmətlə yanaşacağıq. Yalnız onlar Yaponiyada ümumi vəziyyətin necə olacağını bilirlər”, - deyə T.Bax bununla əlaqədar sualı cavablandırarkən bildirib.

Xəbər 400 dəfə oxundu.