Azərbaycan şahmatçılarının da qatıldıqları “Meltvater” turniri sabah start götürəcək
Martın 13-də Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəyi “Champions Chess Tour” seriyasından “Meltvater” turniri start götürəcək.

Yarışda şahmatçılarımızla yanaşı, norveçli dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçisi Yorden Van Forest, Aniş Giri, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, iranlı Alireza Firuzca, ispaniyalı David Anton Quixarro, argentinalı Alen Pişo, isveçli Nils Qrandelius və ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.

Martın 21-dək davam edəcək turnirin qalibi seriya turnirinin sentyabrda San-Fransiskoda keçiriləcək finalına vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ən çox xal toplayan şahmatçı kimi ilk iki pilləni bölüşür. Şahmatçımız seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayıb. Onunla eyni xalı yığan amerikalı qrossmeyster Uesli So seriyanın ən sonuncu - üçüncü mərhələsində (“Opera Euro Rapid”) hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub etməklə qalib olub. Həmin yarışda qrossmeysterimiz fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdıraraq üçüncü yeri tutub.

Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb.

Xəbər 443 dəfə oxundu.