Qalib ol və seçmə komandaya dəvət al!
Ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan” (GLA) Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə ölkəmizin tarixində ən çox yüklənilən və istifadə edilən oyun – “PUBG Mobile” üzrə “squad” – seçmə komandanı müəyyənləşdirmək üçün yeni yarışa start verməyə hazırlaşır.

Mükafatlar uğrunda 128-dən çox komanda mübarizə aparacaq. Hər turda 16 komanda bir-biri ilə qarşılaşacaq. Turnirin final mərhələsinə 16 komanda vəsiqə qazanacaq. Yarışda qalib olacaq komanda üzvləri ilə “Gaming League Azerbaijan” peşəkar müqavilə imzalayacaq.

Turnir “GMT Esports” təşkilatı ilə birgə keçirilir. Qalib komandaya “GMT Esports” ilə müqavilə təklif olunacaq. Aprelin 14-də başlayacaq yarışa mayın 5-də yekun vurulacaq. Bu turnirin ümumilikdə 500-dən çox iştirakçını əhatə edəcəyik gözlənilir.

Yarış haqqında ətraflı məlumat, eyni zamanda, oyunları canlı izləmək üçün “YouTube” kanalında “Gaming League Azerbaijan” və “Instagram” şəbəkəsində “gmt.gg” səhifələrinə daxil olmaq lazımdır.

“PUBG Mobile”ın oyunu komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” həm də hərbi işin əsaslarını öyrətməklə yanaşı, istifadəçilərə resursların düzgün idarə edilməsini öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da oyunçunu vaxtını səmərəli şəkildə xərcləməyə vadar edir.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 955 dəfə oxundu.