Ucarda keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıblar
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Ucar Rayon Gənclər və İdman İdarəsinin, rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə onlayn şahmat turnirinin açılış mərasimi keçirilib.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan turnirin açılışında Baş İdarənin rəisi Raqif Abbasov, Ucar Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, UGİŞM-in direktoru Rahib Hüseynov, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, Vətən müharibəsi qazisi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunan Nəsir Nuriyev və digərləri iştirak ediblər.

Raqif Abbasov tədbirdə çıxış edərək Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam edəcəyini bildirib.

Açılış mərasimindən sonra onlayn şahmat turnirinə start verilib. İsveçrə sistemi ilə keçirilən və yeddi turdan ibarət turnirdə 110 şahmatçı iştirak edib.

Turnirin qalibləri mükafatlandırılıblar.


Xəbər 396 dəfə oxundu.