Karateçilərimiz İstanbul tatamisində yarışa çıxırlar
Karateçlərimiz bir illik fasilədən sonra beynəlxlaq turnirə yollanıblar. İdmançılarımız martın 12-dən 14-dək İstanbulda Karate 1 Premyer Liqa turnirində iştirak edəcəklər. Turnirdə 75 ölkədən 865 karateçi mübarizə aparır.

Azsport.az Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 21 idmançı yer alıb. Yarışa yollanan baş məşqçilər Qurban Tağıyev, Denis Morozov və Vaid Ayvazov, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynovun bəzi çəkilərdə dir neçə idmançı ilə tatamiyə çıxacaq.

Kumiteçilərdən Firdovsi Fərzəliyev, Sultan Hüseynov və Əminağa Quliyev -60 kq çəki dərəcəsində, Tural Ağalarzadə və Rafiz Həsənov -67 kq çəkidə, Rafael Ağayev və Fərid Ağayev -75 kq, Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayev -84 kq çəkidə, Asiman Qurbanlı və Əli Cəfərov isə +84 kq çəki dərəcəsində döyüşəcək.
Qadınların yarışında isə Nuranə Əliyeva və Fidan Teymurova (-50 kq), İlahə Qasımova və Mədinə Sadıqova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Kata çıxışlarında Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komanda iştirak edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu Premyer liqa turnirini idarə edənlər arasında olacaq.

Milli komanda yarışdan əvvəl İstanbulda 10 günlük təlim-məşq toplanışında iştirak edib.

Xəbər 449 dəfə oxundu.