“Champions Chess Tour”: “Meltvater” turnirində mübarizə aparacaq şahmatçıların adları dəqiqləşib
Martın 13-də “Champions Chess Tour” seriyası çərçivəsində beşinci turnirdə mübarizə aparacaq şahmatçıların adları dəqiqləşib.

Seriyanın “Meltvater” adlanan turnirində Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, norveçli dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov, fransalı Maksim Vaşye-Laqrav, Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forest, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, iranlı Alireza Firuzca, ispaniyalı David Anton Quijarro, argentinalı Alen Pişo, isveçli Nils Qrandelius və Levon Aronyan (Ermənistan) mübarizə aparacaqlar.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ən çox xal toplayan şahmatçı kimi ilk iki pilləni bölüşür. Şahmatçımız seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayıb. Onunla eyni xalı yığan amerikalı qrossmeyster Uesli So seriyanın ən sonuncu - üçüncü mərhələsində (“Opera Euro Rapid”) hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub etməklə qalib olub. Həmin yarışda qrossmeysterimiz fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdıraraq 3-cü yeri tutub.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xəbər 384 dəfə oxundu.