XI Yay Paralimpiya Oyunlarında iştirak etmiş əlil idmançılarımızla görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
- Əziz idmançılar!
- Əziz dostlar!
- Hörmətli xanımlar və cənablar!
Azərbaycan idmançıları bu il misli görünməmiş nailiyyətlər, qələbələr əldə etmişlər. Sidney Yay Olimpiya Oyunlarında, ilk dəfə olaraq Azərbaycan idmançıları xalqımızı, millətimizi, ölkəmizi böyük nailiyyətlərlə sevindirmişlər, ölkəmizə şərəf gətirmişlər. Biz bunları layiqincə qeyd etdik. Ancaq elə bu gün də cəmiyyətimiz idmançıların Sidney Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlərin və təbiidir ki, Azərbaycanın şan-şöhrətinin qaldırılmasının təəssüratı altında yaşayır. Azərbaycan ilk dəfə belə nailiyyət əldə etmiş və bu, birinci növbədə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, azadlığının bəhrəsi, nəticəsidir. Eyni zamanda son illər Azərbaycanda idmanın inkişafının nəticəsidir. Təbiidir ki, idmanın inkişafı üçün Azərbaycanda həm idmana qayğı və diqqətin artması, həm də idmanla məşğul olmaq üçün idmançılara şərait yaradılması lazımdır. Biz burada qeyd etmişik və bu gün bir daha qeyd edirəm.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Gənclər və İdman Nazirliyinin də böyük xidmətləri olmuşdur. Biz qələbə qazanmış idmançılarımızı və ümumiyyətlə, Olimpiya oyunlarında iştirak edən idmançılarımızı mükafatlandırdıq. İndi bizə yeni sevinc gətirən odur ki, Sidneydə keçirilən Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının bir qrupu da iştirak edibdir. Bunlar bizim övladlarımızdır, Azərbaycanın gəncləridir, idmançılarıdır. Ancaq bunlar başqa oyunlarda iştirak edirlər. Çünki bunlar fiziki cəhətdən qüsurlu olan adamlardır. Bizim bu idmançılarımız o böyük dəstə idmançılardan heç də geri qalmayıblar. Bu da çox sevindirici haldır. Vətənə nailiyyətlərlə dönüblər. Qızıl, gümüş medal alıblar, bir neçəsi 10-cu yerə qədər yer tutub və komandamız iştirak edən 125 ölkə arasında 47-ci yerə çıxmışdır. Xatirinizdədir ki, dörd il bundan öncə Atlanta Oyunlarında da bizim bu qrupa mənsub olan idmançılarımız iştirak etmişlər. Ancaq onda onlar çox az nailiyyətlər əldə etmişdilər. Demək, ötən dörd ildə Azərbaycanda idman kütləvi olubdur. Ötən dörd ildə idman Azərbaycanda bütün gəncləri özünə cəlb edə bilib və gənclərdə idmana həvəsi artırıbdır. Ona görə də indi bizim belə gənclərimiz də, Atlanta oyunlarından fərqli olaraq, Sidney Oyunlarında qələbələr qazanmışlar. Bilirsiniz ki, mən sərəncam vermişəm. Qələbə qazanmış idmançılarımızı mükafatlandırmışam və bu gün də biz onlarla görüşə gəlmişik.

15 noyabr 2000-ci il

Xəbər 3016 dəfə oxundu.