Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçiləcək
Martın 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 137-ci sessiyası başlayır.

İclasın ilk günündə BOK-un prezidentliyinə seçkilər keçiriləcək. Bu vəzifəyə yeganə namizəd almaniyalı, 2013-cü ildən BOK-un rəhbəri olan Tomas Baxdır.

Sessiyanın əvvəlcə Afinada keçirilməsi planlaşdırılsa da, lakin koronavirus pandemiyası səbəbindən tədbir onlayn baş tutacaq. Bu formada iclas, təşkilatın bir əsrdən çox tarixi ərzində ikinci dəfə keçiriləcək. Seçkilərdə əvvəlcə T.Bax, daha sonra komissiyalar və BOK rəhbərliyi gördükləri iş barədə hesabatlar verəcəklər.

Altmış yeddi yaşlı Tomas Bax 2013-cü ildə Buenos Ayresdə BOK prezidenti seçilib. O, bu vəzifədə belçikalı Jak Roqqu əvəz edib.

BOK-un iclasında Yaponiyanın paytaxtında keçiriləcək Olimpiadaya hazırlıq, eyni zamanda, 2022-ci il Qış Olimpiya Oyunlarının Pekində keçirilməsi müzakirə ediləcək, daha sonra BOK komissiyasının 2032-ci ildə Yay Oyunlarının keçirilməsi ilə bağlı hesabatı dinləniləcək.

Sessiya martın 12-də başa çatacaq. İclasda, həmçinin, 2025-ci ilədək Olimpiya hərəkatının 15 bənddən ibarət olan inkişaf strategiyası təsdiqlənəcək. Bu, 2013-cü ildə təsdiqlənmiş proqramın davamı olacaq.

Xəbər 524 dəfə oxundu.